Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Hizbullah hərəkatının baş katibi Şeyx Nəim Qasim İmam Hüseynin (ə) Ərbəin mərasimi münasibətilə Livanın Bəlbək şəhərində keçirilən əza məclisində çıxışı zamanı bildirib ki, İmam Hüseynin (ə) qiyamı haqqı müdafiə etməyin və şəri vəzifəni yerinə yetirməyin əbədi məktəbidir. Bu yolda verilən fədakarlıqların böyüklüyündən asılı olmayaraq, Aşura yalnız tarixi bir xatirə deyil, izzətli həyat tərzinin davamıdır.
Şeyx Nəim Qasim deyib: İmam Hüseyn (ə) «nümunə, rəhbər, mücahid, ata, qardaş və dost» idi. Onunla birlikdə həzrət Əli Əkbər (ə), həzrət Əbülfəzl Abbas (ə) və Həbib ibn Məzahir də bu müqəddəs yolda iştirak edirdilər. Həzrət Zeynəb (s) isə Kərbəla hadisəsindən sonra göstərdiyi misilsiz fədakarlıq və möhkəm iradə ilə İslamın həqiqi mesajının yaşadılmasında həlledici rol oynadı.
O bildirib ki, Kərbəla və bütün cihad meydanlarında iştirak edənlərin hər biri haqqın müdafiəsi uğrunda mübarizə aparırdı. Aşura haqqın köməyinə yetişmək və ilahi vəzifəyə sadiq qalmaq üzərində qurulub, hətta bu yol şəhadət və böyük fədakarlıqlarla nəticələnsə belə.
Şeyx Nəim Qasim vurğulayıb ki, İmam Hüseynin (ə) Ərbəininin qeyd olunması Əhli-beytə (ə) sədaqətin və onlarla mənəvi bağlılığın təcəssümüdür. O deyib: Biz Ərbəin günündə İmam Hüseynin (ə), onun ailəsinin və sədaqətli səhabələrinin şəhadətini yad etmək üçün bir araya gəlirik. Bu, görüşün, sədaqətin, həmrəyliyin, eləcədə məhəbbətin, hüznün, mənəvi bağlılığın, vilayətin və həmçinin İmam Hüseynə (ə) həqiqi beyətin təcəssüm etdiyi müqəddəs bir yürüşdür.
Hizbullah hərəkatının baş katibi qeyd edib ki, İmam Hüseyn (ə) izzət və kəramətin canlı nümunəsini nümayiş etdirdi. O, Həzrət İmam Hüseynin (ə) bu məşhur kəlamını xatırladıb:
««إنی لا أری الموت إلا سعادة، والحیاة مع الظالمین إلا برمًا»
«Mən ölümü yalnız səadət, zalımlarla yaşamağı isə yalnız zillət və bədbəxtlik hesab edirəm.»»
Şeyx Nəim Qasim əlavə edib ki, bu prinsiplər bütün azad insanlar üçün zülmə qarşı mübarizədə əbədi yol və məktəbdir.
O bildirib ki, Kərbəla «qan, fədakarlıq, davamlılıq, möhkəmlik, İslamın yaşadılması və ilahi əmanətin həzrət Sahibəz-Zamana (ə.f) təhvil verilməsi»nin rəmzidir.
Şeyx Nəim Qasim vurğulayıb ki, İmam Hüseynin (ə) xatirəsini yaşatmaq əslində onun yolunu və məktəbini yaşatmaq deməkdir. Bu, sadəcə dünyasını dəyişmiş bir şəxsi xatırlamaq deyil, onun təlimlərinin bu gün də insanların davranışında və yeni nəsillərin tərbiyəsində yaşamasıdır.
O bildirib ki, İmam Hüseynə (ə) ağlamaq keçmişə görə kədərlənmək deyil, izzət və kəramət üzərində qurulan gələcəyi inşa etmək əzminin ifadəsidir. «İmam Hüseynin (ə) şəhadəti möminlərin qəlbində elə bir hərarət yaradıb ki, bu hərarət heç vaxt sönməyəcək». Çünki bu, məhəbbətin, fədakarlığın və ədalətin bərqərar olması naminə zülmə qarşı müqavimətin hərarətidir.
Şeyx Qasim vurğulayıb ki, İmam Hüseynə (ə) əza saxlamaq zəiflik deyil. Bu, İmam Hüseynə (ə) verilən əhdin yenilənməsi, onun yolundan möhkəm yapışmaq və bu yolun həzrət İmam Məhdiyə (ə.f) qədər davam etdiyinə iman gətirməkdir. Möminlər bu məktəbə sadiq qalacaq və onun mesajını gələcək nəsillərə çatdıracaqlar.
Çıxışının davamında Şeyx Nəim Qasim Kərbəlaya doğru keçirilən Ərbəin yürüşündə iştirak edən milyonlarla zəvvara salam göndərərək, bu izdihamı İmam Hüseynə (ə) həqiqi sədaqətin təcəssümü adlandırıb. O bildirib ki, İraqdakı xidmət çadırları və əza məclisləri beyətin, davamlılığın və cihad məşəlinin həzrət İmam Məhdiyə (ə.f) bayraq təhvil veriləcəyi günə qədər sönməyəcəyinin rəmzidir.
O, həmçinin Bəqa və Bəlbək-Hərməl bölgələrinin sakinlərinə xüsusi salam ünvanlayaraq, Ərbəin mərasimlərinin yaşadılmasında və İmam Hüseynə (ə) beyətin yenilənməsində göstərdikləri iştirak və dəstəyə görə onlara təşəkkürünü bildirib.
Çıxışının siyasi hissəsində Şeyx Nəim Qasim bildirib ki, region «İsrail və ABŞ təcavüzü» ilə üz-üzədir. Bu təcavüzün hədəfi Livan, İran, Qəzza və Yəməndə müqavimət cəbhəsini zəiflətmək, onun məşəlini söndürmək və sionist rejimin hegemonluğunu bölgəyə qəbul etdirməkdir.
O bildirib ki, 2024-cü ilin sentyabrında (1403-cü il) Livana qarşı həyata keçirilən hücumların əsas məqsədi müqavimətin rəhbərlərini hədəfə almaq və onun hərbi imkanlarını zəiflətməklə bu hərəkatı aradan qaldırmaq idi.
Hizbullah hərəkatının baş katibi əlavə edib ki, hücumların dayanması İran ilə ABŞ arasında əldə olunan anlaşmanın nəticəsi olub. Onun sözlərinə görə, İran danışıqlarda təcavüzün dayandırılmasını əsas şərt kimi irəli sürmüş və bu addımın gələcəkdə İsrailin İrana qarşı yeni hücumlarının qarşısını almağa da kömək etdiyini hesab edir.
O, həmçinin vurğulayıb ki, İsraillə aparılan birbaşa danışıqlar Livana güzəştlərdən başqa heç nə qazandırmayıb. Şeyx Qasim sual edib: «Danışıqların bütün mərhələləri Livana nə verdi? Halbuki İsrail istədiyi hər şeyi əldə etdi».
Şeyx Nəim Qasim: İran bu mübarizədən qalib və mətin çıxdı
Şeyx Nəim Qasim Livandakı siyasi fəaliyyətə toxunaraq bildirib ki, mövcud siyasi yanaşma ölkəyə heç bir uğur qazandırmayacaq və ABŞ-ın məqsədlərinə xidmət edə bilməyəcək.
O, milli suverenliyin və ordunun gücləndirilməsini prioritet hesab etməyə, İsrailin geri çəkilməsinə nail olmaq üçün səyləri artırmağa, yenidənqurma işləri üçün konkret vaxt cədvəli hazırlamağa, Beyrut limanının bərpasını və araşdırmaların tamamlanmasını təmin etməyə çağırıb.
Şeyx Nəim Qasim siyasi hakimiyyətdən qarşılıqsız güzəştlərə son qoymağı, müqavimətlə dialoq qapısını açmağı, ölkədaxili vəziyyətin yaxşılaşdırılması və milli suverenliyə sadiqliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atmağı istəyib.
O bildirib ki, İsrailin cənubdakı kənd və qəsəbələrə qarşı davam edən hücumları, o cümlədən son dağıntı əməliyyatı zamanı təxminən 700 ton partlayıcı maddədən istifadə olunması rəsmi Livanın qəti mövqe nümayiş etdirməsini zəruri edir. Şeyx Nəim Qasim sual olaraq ünvanlayıb: «Məgər bu hadisələr Livan hakimiyyətinin ABŞ qarşısında yüksək səslə etiraz etməsi və təcavüzün tam dayandırılmasını tələb etməsi üçün kifayət deyilmi?»
O əlavə edib ki, İsrailin hücumlarının nəticələri aradan qaldırılmadan yalnız siyasi iclaslar və müzakirələrlə məşğul olmaq ölkənin suverenliyini qorumaq istəyənlərin mövqeyi ilə uyğun gəlmir. O, məsul şəxsləri ABŞ-a qarşı açıq və qəti mövqe tutmağa çağıraraq bildirib ki, baş verən bütün hücumlar Vaşinqtonun nəzarəti və razılığı ilə həyata keçirilib.
Şeyx Qasim vurğulayıb ki, Hizbullah hələ də memorandumun həyata keçirilməsi yolunun İsrailin geri çəkilməsinə aparacağına inanır və bunun müqavimətin, xalqın müqaviməti və düşmənin irəliləyişinin qarşısının alınması sayəsində mümkün olduğunu hesab edir.
O deyib ki, İran bu qarşıdurmadan qalib və başıuca çıxıb, ABŞ isə qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib.
Şeyx Nəim Qasimin fikrincə, İran öz mövqeyini qoruyaraq güclü dövlət olduğunu sübut edib. Şəhid Ayətullah Xamenei «izzətin, inqilabın, fədakarlığın və həmçinin davamlılığın rəmzinə» çevrilib. Bu hadisə İranın zəifləməsinə deyil, əksinə onun gücünün daha da artmasına səbəb olub.
O bildirib ki, İranda keçirilən milyonlarla insanın iştirak etdiyi yürüşlər xalqın İnqilaba və rəhbərliyə verdiyi böyük dəstəyin göstəricisidir. Şeyx Nəim Qasim əminliklə ifadə edib ki, həzrət Ayətullah Seyid Müctəba Xameneinin rəhbərliyi daha böyük qələbələrin qazanılmasına zəmin yaradacaq. O sözlərini belə tamamlayıb: «Biz İranın bizimlə olmasından, bizim də İranın yanında dayanmağımızdan qürur duyuruq və gələcək nəticələrin bütün region üçün xeyirli olacağına inanırıq.»
Şeyx Nəim Qasim: Hizbullah ilə Əməl hərəkatı arasındakı münasibətlər güclüdür
Livanın daxili məsələlərinə toxunan Şeyx Nəim Qasim milli birliyin qorunmasının vacibliyini vurğulayaraq bildirib ki, Hizbullah ilə Əməl hərəkatı arasındakı münasibətlər möhkəmdir və düşmən qarşısında sarsılmaz qalxan mövqeyində durur. O əlavə edib: «Biz İmam Musa Sədrin və şəhid Seyid Həsən Nəsrullahın məktəbinin davamçıları olaraq birlikdəyik.»
O qeyd edib ki, Hizbullah ilə Əməl hərəkatı arasındakı həmrəylik, siyasi qüvvələrin, partiyaların və müxtəlif dini-ictimai təbəqələrin dəstəyi ilə birlikdə ölkənin qarşılaşdığı çətinliklər qarşısında mühüm güc mənbəyidir. Onun fikrincə, Livan xalqının böyük əksəriyyəti müqavimətin, ölkənin azadlığının, milli suverenliyin, ordunun və müqavimət xəttinin tərəfdarıdır.
Şeyx Nəim Qasim vurğulayıb ki, daxili birlik qələbəyə aparan əsas yoldur. O, ABŞ və İsrailə ümid bağlayan şəxsləri bu milli birlik ətrafında toplaşmağa çağıraraq deyib: «Biz məhz bu birlik sayəsində qalib gələcəyik.»
O, Cənubi Livanın əhalisinə salam göndərərək onları «izzətin qayası və milli suverenliyin keşikçiləri» adlandırıb və bildirib ki, tarix onların işğala qarşı göstərdiyi qəhrəmanlıq və müqaviməti əbədi olaraq yadda saxlayacaq.
Şeyx Nəim Qasim, həmçinin Beyrutun cənub məhəllələrinin sakinlərini salamlayaraq onları «müqavimətin dayağı» kimi dəyərləndirib və qeyd edib ki, onların göstərdiyi müqavimət və fədakarlıq Livanın izzət və şərəfinin simvoluna çevrilib.
Hizbullahın baş katibi öz çıxışında bildirib: «Biz əhdimizə sadiq qalacaq və yolumuza davam edəcəyik.» O, müharibənin xalqın üzərinə gətirdiyi ağır əzabları, şəhidləri və yaşayış evlərinin dağıdılması nəticəsində yaranmış böyük itkiləri də xüsusi qeyd edib.
Şeyx Nəim Qasim zərərçəkmiş insanlara müraciətlə deyib: Sizin narahat olmağa haqqınız var. Biz sizin dərdinizi şərik olur və eyni zamanda o dərdi sizinlə yaşayırıq. Hizbullah hərəkatı daim sizin yanınızda olacaq. Biz sizinləyik, siz də bizimləsiniz. Biz sizdənik, siz də bizdənsiniz və çətinlikdə də, rahatlıqda da birlikdə qalacağıq.»
Şeyx Nəim Qasim bildirib ki, Hizbullah hərəkatı bütün imkanları ilə insanları mənzillə təmin etmək və dağıdılmış ərazilərin yenidən qurulması istiqamətində fəaliyyət göstərəcək. O bildirib ki, bu məqsədlə hökuməti təşviq edəcək, dost ölkələrlə əməkdaşlıq edəcək. «Bu bizim vədimiz və öhdəliyimizdir. Bütün gücümüzü bu istiqamətdə səfərbər edəcəyik. Lakin bu proses səbir və qarşılıqlı həmrəylik tələb edir.»
O, Livan ilə Suriya arasında əməkdaşlığın və qarşılıqlı müsbət münasibətlərin zəruriliyini vurğulayaraq ümid etdiyini bildirib ki, Suriya ədalətin bərqərar olunmasına nail olacaq, öz ərazi bütövlüyünü qoruyacaq və düşməni torpaqlarından qovacaq. Onun sözlərinə görə, sabit Suriya Livan üçün dayaq olduğu kimi, sabit Livan da Suriya üçün dayaqdır.
Hizbullah hərəkatının baş katibi bildirib ki, zamanı gəldikdə və həmçinin hər iki tərəf bunu münasib hesab etdikdə Hizbullah ilə Suriya rəhbərliyi arasında görüşün keçirilməsi üçün heç bir maneə yoxdur.
Şeyx Nəim Qasim vurğulayıb: Müqavimət davam edir. Biz Kərbəla ruhu ilə öz torpaqlarımızı müdafiə edəcək və qələbə qazanacağıq.
O əlavə edib ki, İsrail layihəsində iştirak edən və müqavimətə, xalqa və vətənə qarşı düşmənin planlarını həyata keçirən hər kəslə, düşmənlə necə mübarizə aparırlarsa, elə də üz-üzə dayanacaqlar.
Şeyx Nəim Qasim bir daha vurğulayıb ki, Livan vahid və bölünməz ölkədir. Cənuba edilən hər bir hücum bütün Livana qarşı yönəlmiş hücum hesab olunur.
O bildirib ki, Livanın cənubu ağrı və əzab içində olduğu müddətdə ölkə həqiqi sabitliyə qovuşa bilməz. Livanın sabitliyi onun cənubunun və bütün ərazilərinin sabitliyindən asılıdır.
Sonda Şeyx Nəim Qasim vurğulayıb ki, düşmənin qarşısında yalnız bir seçim var – geri çəkilmək. O bildirib ki, onlar mütləq geri çəkiləcəklər və Hizbullah hərəkatı da Litani çayının cənubunda Livan ordusunun yerləşdirilməsini dəstəkləyir və bununla tam həmrəydir.

Şeyx Nəim Qasim
Rəyiniz